REGİONLAR
Şabranda baş verən yanğın zamanı azyaşlı uşaq yanıq xəsarətləri alıb VİDEO
Şabran, 20 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 19-u axşam saatlarında Şabran şəhərində yanğın hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, beşotaqlı evdə qeydə alınan yanğın zamanı 4 yaşlı Yusif Namiq oğlu Qasımov yanıq xəsarətləri alıb. Hadisə baş verən vaxt evdə yatan azyaşlını qonşular yanğından xilas edə bilib. Zərərçəkən dərhal Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Kürək və aşağı ətraf nahiyəsindən yanıq xəsarətləri alan Yusif Qasımova müvafiq tibbi yardım göstərilib. Azyaşlının vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Yanğın Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi tərəfindən söndürülüb. Hadisə zamanı ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 33 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Bununla belə iki ailənin yaşadığı ev yararsız vəziyyətə düşüb.
Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.