REGİONLAR
Şabranda məktəblilərin idarə, müəssisə və təşkilatlara tanışlıq turları təşkil olunur
Xaçmaz, 25 may, Elxan Yusifli, AZƏRTAC
Şabranda yuxarı sinif şagirdlərinin rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara tanışlıq turları təşkil olunur.
AZƏRTAC xəbər verir ki, turlar məktəblilərin gələcəkdə düzgün peşə seçiminə yönləndirilməsi və onların istədikləri peşəyə yiyələnmək üçün daha səylə oxumağa stimullaşdırılması məqsədilə keçirilir.
Rayon təhsil şöbəsinin təşəbbüsü ilə təşkil olunan turlar çərçivəsində şagirdlərə müəssisələrin fəaliyyəti haqqında ətraflı məlumat verilir. Məktəblilər müəssisələrin iş prinsipi, işçilərin gündəlik iş rejimi ilə tanış olur, müəssisədaxili bölmələrə və avadanlıqlara baxış keçirirlər.
Şabran rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gülər Hüseynova bildirib ki, may ayı ərzində keçirilən turlarda, ümumilikdə, 200-ə yaxın məktəbli iştirak edəcək. Tanışlıq turları başa çatdıqdan sonra şagirdlər təəssüratları haqqında məqalələr yazacaqlar.
Müəssisələrlə tanışlıq turlarının ənənəvi olaraq keçirilməsi nəzərdə tutulub.