REGİONLAR
Şabranda uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri nümayiş etdirilib
Şabran, 16 oktyabr , Elxan Yusifli, AZƏRTAC
Şabranda “Uşaq və gənclərin ən yaxşı yaradıcılıq işləri” respublika müsabiqəsinin rayon mərhələsinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, müsabiqədə rayonun 40-a yaxın ümumtəhsil məktəbinin 125 sagirdi və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edib.
Müsabiqəyə qatılan məktəblilər bədii tikmə, toxuma, xalçaçılıq, ağac üzərində oyma, misgərlik, muncuqlardan, müxtəlif təbiət nümunələrindən kompozisiya və ikebanaların hazırlanması və başqa incəsənət növləri üzrə əl işlərini təqdim ediblər.
Tədbirin açılış mərasimində bildirilib ki, müsabiqə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların yaradıcılıq potensialının inkişaf etdirilməsi, habelə uşaq və gənclərin yaradıcılıq mərkəzlərinə daha geniş cəlb olunması məqsədilə keçirilir.
Müsabiqənin rayon mərhələsində müvafiq incəsənət növləri üzrə I və II yerə layiq görülən işlər respublika mərhələsində iştirak etmək hüququ qazanıb.
Respublika mərhələsində hər növ üzrə müvafiq olaraq I, II və III yerləri tutan iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.