REGİONLAR
Şabranın təhsil işçiləri IX sinif buraxılış imtahanlarındakı dəyişikliklərlə əlaqədar seminarlara cəlb olunub
Şabran, 17 yanvar, Elxan Yusifli, AZƏRTAC
Şabranda məktəb direktorları, direktor müavinləri, Azərbaycan dili və riyaziyyat müəllimləri, eləcə də IX sinif rəhbərləri seminarlara cəlb olunublar.
AZƏRTAC xəbər verir ki, rayon Təhsil Şöbəsi tərəfindən təşkil olunan seminarlar IX sinif buraxılış imtahanlarındakı forma və məzmun dəyişiklikləri barədə təhsil işçilərinin maarifləndirilməsi məqsədi daşıyır.
Yanvarın 25-dək davam edəcək seminar müddətində 2016/2017-ci tədris ilinin IX sinif buraxılış imtahanlarının birinci mərhələsində Azərbaycan dili və riyaziyyat fənnindən veriləcək açıq tipli sual nümunələri fənn müəllimləri tərəfindən təhlil və müzakirə olunacaq. Eyni zamanda, seminar iştirakçılarının rəy və təklifləri dinləniləcək.
Seminarda diqqətə çatdırılıb ki, IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili və riyaziyyat fənləri üzrə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə, ümumilikdə, 30 test tapşırığı veriləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə, 60 qapalı tipli test tapşırığı təqdim ediləcək.
Birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.
Pedaqoqlar, müəllimlər və şagirdlər buraxılış imtahanında tətbiq olunacaq yeni qaydalarla bağlı ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışından əldə edə bilərlər.