REGİONLAR


Şabranın ucqar kəndində müəllim işləyən bakılı qız VİDEO

A+ A

Şabran, 17 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Bakı şəhər sakini Elnarə Həsənova 2016-2017-ci tədris ilində ilk dəfə şagirdlər önünə çıxan gənc müəllimlərdəndir. Onu digər həmkarlarından fərqləndirən cəhət isə pedaqoq kimi doğma şəhərindən xeyli uzaqda fəaliyyətə başlamasıdır.

AZƏRTAC xəbər verir ki, müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə yüksək nəticə göstərən Elnarə Həsənova işləmək üçün Şabran rayonunun ucqar kəndlərindən olan Zeyvəni seçib. Bu kənd rayon mərkəzindən 30, paytaxt Bakıdan isə təxminən 150 kilometr məsafədə yerləşir.

Gənc mütəxəssis şəhid Şahmurad Nuriyev adına Zeyvə kənd tam orta məktəbində kimya fənnini tədris edir. Ondan əvvəl isə bu fənnin sirlərini şagirdlərə qeyri-ixtisas müəllimi öyrədirdi. Artıq ilk dərslərin həyəcanını yaşayan E.Həsənova şagirdlərin bilik səviyyəsindən və kənd sakinlərinin özünə qarşı isti münasibətindən çox razıdır.

Elnarə Həsənova hələ kiçik yaşlarından müəllim olmağı arzulayıb. Orta məktəbi uğurla başa vurduqdan sonra, Sumqayıt Dövlət Universitetinə qəbul olaraq kimya ixtisası üzrə təhsil alıb.

Bakılı qızın bu ildən qoşulduğu kollektivdə 24 pedaqoq çalışır. Qeyd edək ki, Zeyvə kənd tam orta məktəbində 200-dən çox şagird təhsil alır.

Şabran rayon Təhsil Şöbəsi tərəfindən 2016-2017 tədris ili üçün Təhsil Nazirliyinə 62 vakant yer təqdim edilib. Bu yerlərdən 46-na təyinat olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.