REGİONLAR
Şabranlı fermerin “səhra gəmiləri” VİDEO
Şabran, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
Şabran rayonunda dəvəçilik təsərrüfatı inkişaf etdirilir. Dəvələr rayonun Udulu kəndində yaşayan fermer Həsən Əliyevin təsərrüfatında saxlanılır.
AZƏRTAC xəbər verir ki, fermer 2007-ci ildə bu işlə məşğul olmağa başlayanda cəmi dörd dəvəsi olub. Hazırda isə onun təsərrüfatındakı “səhra gəmiləri”nin sayı doqquza çatıb. Fermer Şabran rayonunda dəvəçilik təsərrüfatının artırılması və inkişaf etdirilməsi üçün uyğun şəraitin olduğunu bildirir.
Fermer Həsən Əliyev deyir ki, dəvələrdə inkişaf və böyümə digər ev heyvanları ilə müqayisədə çox sürətli olur. İki ildənbir doğan ana dəvə ömrü boyu 15-20 bala verir. Adi otlaq şəraitində yemlənən köşəklərin çəkisi 4-5 aylıqda 140-160 kiloqrama, bir yaşı tamam olduqda isə 220-270 kiloqrama çatır. 3-4 yaşlı dəvələrin çəkisi orta hesabla təxminən 800-900 kiloqram olur. Erkək dəvələrin çəkisi 1300 kiloqrama qədər çata bilir. Adi otlaq şəraitində bəslənən 4-5 yaşlı dəvə orta hesabla 450-500 kq ət verir.
Dəvə əti kimyəvi tərkibinə görə iribuynuzluların ətindən zəngindir. Dəvə ətinin digər müsbət cəhəti ondan ibarətdir ki, bu heyvan qocaldıqda belə əti yumşaq olur. Azərbaycanda dəvə ətindən hazırlanan qutab, küftə və lüləkabab daha yüksək qiymətləndirilir.
Şabranlı fermer ona tez-tez dəvə südü üçün müraciətlər olduğunu bildirir. Onun sözlərinə görə, dəvə südü xalq təbabətində əvəzedilməz müalicə vasitəsi kimi istifadə olunur. Deyilənlərə görə, dəvə südü göy öskürək, boğazağrısı, mədə-bağırsaq və vərəm xəstəliyini müalicəsində əvəzolunmaz vasitədir. Dəvə südü yüksək bakterisidlik xassəsinə malik olduğuna görə onu 2-3 gün adi hava şəraitində saxladıqda belə çürümür.
Dəvənin yunu isə xalçaçılıqda istifadə edilir.
Fermer Həsən Əliyev dəvələrin sayını daha da artırmaq və gələcəkdə böyük dəvəçilik təsərrüfatına sahib olmağı qarşısına məqsəd qoyub.
Ümumiyyətlə, hazırda Azərbaycanda dəvəçiliyin inkişafı sahəsində mühüm addımlar atılır. Ölkəmizdəki müxtəlif təsərrüfatlarda 300-dən çox dəvə saxlanılır.