REGİONLAR
Şabranlı fermerlər üzümçülük təsərrüfatlarında budama işlərinə başlayıb
Şabran, 12 yanvar, Elxan Yusifli, AZƏRTAC
Şabranlı fermerlər üzümçülük təsərrüfatlarında budama işlərinə başlayıblar.
AZƏRTAC xəbər verir ki, üzümçülük rayonun kənd təsərrüfatının aparıcı sahələrindən sayılır. Şabran ərazisində üzüm bağlarının ümumi sahəsi 500 hektardan çoxdur.
Fermer Polad Quliyev bildirib ki, hava şəraitinin əlverişli keçməsindən istifadə edərək budamanı sürətləndiriblər. Budama işlərinə dekabr ayından başlanılıb.
Təsərrüfatçı qeyd edib ki, quru budama zamanı tənəklər gücdən düşmüş bar çubuqlarından təmizlənir. Tənəklərdə cavan və məhsuldar çubuqlar saxlanılmalıdır ki, bol üzüm əldə olunsun.
Quru budama işləri üzüm bağlarında aparılan ilk aqrotexniki qulluq sayılır və mart ayına kimi başa çatdırılmalıdır. Budaqların sulanmasından sonra aparılan budama tənəklərin qurumasına səbəb ola bilər.
Şabranda daha çox ağ və qara şanı, ağadayı, mədrəsə, təbrizi kimi yerli üzüm sortları becərilir. Rayonun Gəndov inzibati ərazi dairəsinə daxil olan kəndlərində üzümçülük daha geniş yayılıb.