REGİONLAR
Şabranlı məktəblinin əl işləri görənlərin marağına səbəb olur
Şabran, 22 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Şabran şəhər 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Əli Fərzəliyev dərsdən sonrakı vaxtının əsas hissəsini kiçik emalatxanasında keçirir.
AZƏRTAC xəbər verir ki, istedadlı məktəbli əvvəlcə rəsm çəkməyə həvəs göstərsə də, indi müxtəlif maketlər hazırlamaqla məşğuldur. Hazırladığı maketlər arasında gəmilər, tarixi yerlər, musiqi alətləri üstünlük təşkil edir.
Onda bu həvəs dülgər olan əmisinin iş prosesini izləyərkən yaranıb. Əli öz əl işləri ilə təkcə insanların gözünü oxşamaq deyil, həm də vətəni üçün faydalı iş görmək istəyir. İstedadlı şagirdin ən böyük arzusu gələcəkdə fəaliyyətini daha da genişləndirib inkişaf etdirmək və Azərbaycanın tarixi həqiqətlərini dünyaya çatdırmaq üçün bir əsər hazırlamaqdır.
Əli Fərzəliyev 2013-cü ildə keçirilən uşaq və gənclərin əl işlərinin respublika müsabiqəsində "Dekorativ tətbiqi sənət" nominasiyası üzrə II yerə layiq görülərək Təhsil Nazirliyi tərəfindən diplomla təltif edilib. Elə həmin il görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 90 illik yubileyi ilə əlaqədar rayon məktəbliləri arasında keçirilən rəsm müsabiqəsində II yeri qazanıb. 2014-cü ildə isə "Xalq tətbiqi sənət nümunələri"nin sərgisində fərqləndiyinə görə Şabran Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən diplomla təltif olunub.
Bacarığını ali təhsillə daha da təkmilləşdirmək niyyətində olan Əli, dərslərindən də geri qalmır.