İQTİSADİYYAT
Sabunçu-Ramana avtomobil yolunun tikintisi yekunlaşıb VİDEO
Bakı, 27 yanvar, AZƏRTAC
Paytaxtın Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi işləri “Azəravtoyol” ASC tərəfindən yekunlaşıb.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sabunçu-Ramana avtomobil yolunun uzunluğu 5,7 kilometr, yolun hərəkət hissəsinin eni 9 metr, hər iki tərəfdə çiyinlərin (piyada səkiləri) eni isə 1,5 metr təşkil edir.
Layihə çərçivəsində zəruri olan yerlərdə yol yatağının yararsız qruntu çıxarılıb, karbonat materialı tökülərək yenidən kipləşdirilib. Daha sonra, yolun hərəkət hissəsində asfaltlanma işləri də başa çatdırılıb. Asfaltlanma işləri zamanı yola ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə, yolun təqribən 60 min kvadratmetr ərazisi asfaltlanıb.
Vətəndaşların avtomobil yolunun kənarı ilə normal və təhlükəsiz hərəkəti üçün zəruri olan yerlərdə 1,5 metr enində piyada səkilərinin tikintisi və yol boyu 6 min 426 poqonmetr yeni səki daşlarının düzülməsi işlərinə də yekun vurulub.
Tikinti işləri tamamlandıqdan sonra layihə üzrə nəzərdə tutulmuş və avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, həmçinin ümumilikdə 8 min 400 metr hissədə piyada zolaqları, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılıb.
Qeyd olunub ki, sözügedən avtomobil yolu uzun müddət təmir olunmadığı üçün deformasiyaya uğramış və dağılmış hissələr yaranmışdı. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində problemlər yaradırdı. Həmçinin bəzi ərazilərdə piyada səkilərinin olmaması vətəndaşların normal və təhlükəsiz hərəkətinə maneə törədirdi. Avtomobil yolunun tikintisi ilə bu problemlər köklü şəkildə aradan qaldırılıb.
Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə 2 yaşayış məntəqəsinin 44 min sakininin gediş-gəlişi xeyli asanlaşıb, yük və sərnişin daşınması yaxşılaşdırılıb.