SİYASƏT


Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşdırılmış kurslar davam edir VİDEO

A+ A

Bakı, 23 avqust, AZƏRTAC 

Avqustun 23-də 27 saylı Sabunçu ikinci seçki dairəsi dairə seçki komissiyasında aşağı komissiyaların üzvləri və sədrləri üçün ixtisaslaşdırılmış kurslar davam edib.

AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə əlaqədar təşkil edilib.

Tədbirdə çıxış edən dairə seçki komissiyasının sədri Nadir Əjdərov deyib ki, sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) mühüm ictimai-siyasi kampaniyadır. Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən referendumun hazırlanıb həyata keçirilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq ardıcıl işlər görülür. Ölkədə referendumun hazırlanıb keçirilməsi səlahiyyətlərini yerinə yetirən dövlət orqanı kimi MSK-nın fəaliyyətində maarifləndirmə işinin təşkili mühüm yer tutur. Seçici siyahıları çox mühüm seçki sənədi olmaqla ilboyu fasiləsiz işlənilir, yenilənir, seçki komissiyaları tərəfindən ictimailəşdirilir. Diqqətə çatdırılıb ki, 27 saylı Sabunçu ikinci seçki dairəsində hazırlıq işləri MSK-nın təlimatları üzrə aparılır. Seçki siyahılarının təkmilləşdirilməsi, referendum sənədlərinin daşınması və saxlanılması, habelə asayişin qorunmasında güc strukturlarının seçki komissiyaları ilə qarşılıqlı əlaqələrinin qurulması istiqamətində müvafiq işlər görülür.

Bildirilib ki, dairə seçki komissiyası referendumun Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.

İxtisaslaşdırılmış kursların ikinci günündə MSK-nın üzvü Şaitdin Əliyev, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşid Yusifbəyli, rayon polis şöbəsinin əməkdaşı Elxan Zamanov müvafiq olaraq “Referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyalarının vəzifələri. Referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri”, “Referenduma hazırlıq, referendumun keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” və “Seçici siyahılarının təkmilləşdirilməsi, referendum sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu. Onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri” mövzularında məruzələrlə çıxış ediblər.

İxtisaslaşdırılmış kurslar çərçivəsində keçirilən seminarlarda, həmçinin referenduma hazırlıq prosesində dairə və məntəqə seçki komissiyalarının üzərinə düşən vəzifələrdən də ətraflı danışılıb.

Qeyd edilib ki, qanunvericiliyə əsasən referendum günü məntəqələrdə görülən işlər və səsvermə prosesi haqqında məlumatların cəmiyyətə çatdırılması üçün yerli və beynəlxalq müşahidəçilərin, KİV-lərin fəaliyyətinə qanunvericiliyə uyğun qaydada hər cür şərait yaradılacaq.

Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.