İQTİSADİYYAT


Sabunçu rayonunda 18 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun sentyabrın 29-da Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində keçirdiyi işgüzar forumda kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana kompleksinin yaradılması, un məmulatları, mebel, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatlar verilib, Sabunçuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 120-dən çox sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində ölkə üzrə 1791 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 117,5 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 342,8 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində tərəvəz məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər Bakı qəsəbələrində 32 müasir istixana kompleksinin yaradılmasına 95,8 milyon manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə tərəvəz məhsulları istehsal edən istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.