SİYASƏT
Sabunçuda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib
Bakı, 3 may, AZƏRTAC
Mayın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon qəsəbəsindəki 148 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Amal Məlikov və Novruz Həsənli, Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, məktəbin direktoru Esmira Babayeva, ziyalılar, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural dəyərlər və tolerant ənənələrin təbliği siyasətinin cəmiyyətdə güclü dayaqlara malik olduğu bildirilib.
Çıxış edənlər multikulturalizm anlayışı və bu anlayışın özünəməxsus keyfiyyətləri haqqında söhbət açıblar. Onlar Azərbaycanın multikulturalizmin praktiki baxımdan yaşandığı ölkə olaraq bütün dünyaya nümunə olduğunu bildiriblər.
Sonda şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.