İQTİSADİYYAT
Sadi Felin-Coy: “Gize” şirkəti Azərbaycanda eyni uğura imza atacağına ümid edir
Bakı, 6 aprel (AZƏRTAC). “Gize” şirkəti Azərbaycanda eyni uğura imza atacağına ümid edir.
“HOREX Caucasus 2013” VII Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisinin iştirakçısı, Lüksemburqun “Gize” şirkətinin marketinq üzrə meneceri xanım Sadi Felin-Coy AZƏRTAC-a bildirmişdir ki, biz Azərbaycanda keçirilən sərgi çərçivəsində xüsusi mineral suların yeni brendini təqdim edirik.
Qonaq diqqətə çatdırmışdır ki, istehsal prosesində Kanadanın “Spa Springs” adlı ucqar şərq ərazisində yerləşən təbii bulaqların suyundan istifadə olunur. Suyun tərkibində müxtəlif miqdarda kalsium, maqnezium, natrium, xlor, hidrokarbonatlar, sulfatlar və silisium vardır və bu su xüsusi olaraq hazırlanmış qızıl süzgəcdən (filtrdən) süzülür. Filtrasiya prosesində suyun təbii və təmiz dadı qızıl sayəsində qorunub saxlanılır. Əslində “Gize” dünyada qızıldan istifadə etməklə hazırlanan yeganə mineral su hesab olunur. Cavan və perspektivli şirkətimiz 2010-cu ildə Avropada mineral suların istehsalına başlamış və məhsul artıq Avropa bazarında dəbdəbəli otellər, kurortlar və digər prestijli yerlərdə müştəri qazanmağa müvəffəq olmuşdur.
Şirkətin nümayəndəsi demişdir ki, bu gün yerli distribütorlar tapmaq və azərbaycanlı sahibkarlarla əməkdaşlıq əlaqələri qurmaq bizim üçün çox vacibdir. Satış bazarını qaydaya salmaq üçün mövcud olan perspektivlər sertifikatlaşdırılmış məhsulların yüksək keyfiyyəti və xüsusi müştərilər üçün orijinal təkliflərlə bağlıdır.
Lüksemburqlu qonaq sərginin yüksək səviyyədə təşkil olunduğunu vurğulamış və bu sərginin çox xoşuna gəldiyini söyləmişdir. Bildirmişdir ki, mən ilk dəfə ziyarət etdiyim bu gözəl və qonaqpərvər Bakı şəhərini də çox bəyəndim.