REGİONLAR


Şaftalının satış qiyməti xaçmazlı təsərrüfatçıları qane edir VİDEO

Xaçmaz, 10 iyul, Elxan Yusifli, AZƏRTAC

Xaçmazlı təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarından məhsul yığımına başlayıblar. Hazırda bağlardan şaftalının “Zalatoy”, “Fədai” və “Nektarin” kimi tezyetişən sortları yığılır.

AZƏRTAC xəbər verir ki, bu mövsüm Xaçmazın şaftalı bağlarında məhsuldarlıq yüksəkdir. Meyvənin indiki qiyməti də təsərrüfatçıları qane edir. Onlar şaftalının bir kiloqramını 60 qəpik-1 manata satırlar.

Xaçmaz rayonunda şaftalı bağları ən çox Nərəcan kəndi ərazisindədir. Burada 850 hektara yaxın meyvə bağında şaftalının 50-dən çox növü becərilir.

Nərəcan kənd sakini Həmzə Xəlilov bağının iki hektarında 10-a yaxın şaftalı sortu yetişdirir. Təsərrüfatçı bildirir ki, Nərəcanda yetişdirilən şaftalı nəinki Xaçmazda, eləcə də bütün Azərbaycanda tanınır. Yerli və paytaxt bazarlarında da satılan şaftalının böyük hissəsi qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə göndərilir. Rusiya bazarlarına aparılan meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır.

Xaçmazda şaftalı yığımı oktyabr ayınadək davam edəcək.

Ümumilikdə, Xaçmaz rayonunda 3 min hektara yaxın şaftalı bağı var ki, bunun da böyük hissəsi barverəndir. Hər il rayon bağlarından 20 min tona yaxın şaftalı toplanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.