ELM VƏ TƏHSİL
Şagirdlər Bakı Ali Neft Məktəbinin fəaliyyəti ilə tanış olublar
Bakı, 16 iyun, AZƏRTAC
Bakı Ali Neft Məktəbinin (BANM) yeni şəhərciyində “açıq qapı” günü keçirilib.
BANM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə 50-dən artıq məktəbli və onların valideynləri ali məktəbin kampusu ilə tanış olublar. Daha sonra onlar BANM-in senat otağına gəliblər. BANM-in tələbələrlə iş şöbəsinin rəisi Həbibə Hacıyeva audiovizual təqdimatla tədbir iştirakçılarının qarşısında çıxış edib. O, şagirdlərə BANM-in yaranma tarixi, fəaliyyət istiqamətləri, yeni kampusu, illər üzrə ümumi statistik göstəriciləri, eləcə də BANM-in ixtisasları üzrə minimal keçid balları, əməkdaşlıq etdiyi xarici şirkətlər və ali təhsil müəssisələri, tədris proqramları, daxili intizam qaydaları, yerli və transmilli şirkətlərdə təşkil olunan təcrübələr, seminarlar haqqında ətraflı məlumat verib. Həmçinin şagirdlər ali məktəbin tələbə həyatı, tələbə təşkilatları və klubları haqqında da məlumatlandırılıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, onlara BANM-in bukletləri paylanılıb.