ELM VƏ TƏHSİL
Şagirdlər akademik Həsən Əliyevin fəaliyyəti barədə məlumatlandırılıb
Bakı, 2 iyun, AZƏRTAC
Bakının Nizami rayonundakı 242 saylı tam orta məktəbdə yaxşı oxuyan, elmə daha çox maraq göstərən yuxarı sinif şagirdlərinin iştirakı ilə görkəmli coğrafiyaçı-torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr edilən tədbir keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov alimin həyatı, elmi və ictimai-təşkilatı fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, M.Həsənov unudulmaz alimin Azərbaycanda torpaqşünaslıq və coğrafiya elminin inkişafında çox böyük rol oynadığını diqqətə çatdırıb. Qeyd olunub ki, akademik Həsən Əliyevin səyi nəticəsində ölkəmizdə coğrafiya və təbiəti mühafizə cəmiyyətlərinin fəaliyyəti güclənib. Alimin əsas tədqiqat sahəsi Böyük Qafqaz təbii vilayətinin torpaq örtüyünü öyrənmək olub. Onun tədqiqatlarının nəticəsi olan ikicildlik “Böyük Qafqazın torpaqları” əsəri çox böyük elmi əhəmiyyət daşıyır. Həsən Əliyevin respublikamızda yaşıllaşdırma işinin təşkilinə və dağ yamaclarında süni terraslar çəkməklə quraqlığa davamlı ağac növlərinin əkilməsinə xüsusi diqqət ayırdığı vurğulanıb, Siyəzən, Şabran, Şamaxı, Zəngilan, Cəbrayıl, Göygöl və başqa rayonlarda terraslarda əkilmiş meşələrin onun adı ilə bağlı olduğu qeyd edilib.
Məktəbin direktoru Akif Rəsulov kollektiv adından M.Həsənova təşəkkür edərək belə görüşlərin şagirdlərdə vətənpərvərlik və təbiətə sevgi hisslərinin yaranmasında xüsusi rol oynadığını vurğulayıb.
Sonda böyük alim Həsən Əliyevin həyat və fəaliyyətini əks etdirən videofilm nümayiş olunub.