İQTİSADİYYAT
Şagirdlər bərpaolunan enerji sektorunun inkişafı üzrə görülən işlər barədə məlumatlandırılıblar
Bakı, 7 mart, AZƏRTAC
Şagirdlər Azərbaycanın yenilənə bilən enerji sektorunun inkişafı məqsədilə görülən işlər barədə məlumatlandırılıblar.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən “Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi” çərçivəsində martın 7-də Sabunçu rayonundakı N.İsmayılov adına 80 saylı tam orta məktəbdə təlimlər keçirilib.
Martın 6-12-si tarixlərini əhatə edən “Uşaqdan böyüyə - zərərsiz enerji həftəsi” çərçivəsində adı çəkilən məktəbin 6, 7 və 8-ci sinif şagirdləri üçün tükənməyən enerji növləri, alternativ enerjinin əhəmiyyəti, ölkəmizin bu sahədə potensialı və Dövlət Agentliyinin yenilənə bilən enerji sektorunun inkişafı məqsədilə gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında təlim keçirilib. Onlara nəzəri və praktik biliklər öyrədilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Həmçinin ay ərzində bərpaolunan enerji növlərinə aid şagirdlərin yaradıcı təxəyyülünə əsaslanan “Buklet yarış-treningi” keçiriləcək, Qobustan Poliqonu və Təlim-Tədris Mərkəzinə ekskursiyalar təşkil ediləcək. Eləcə də mart ayı ərzində şagirdlər qrup şəklində tükənməyən enerji növləri barəsində referat yazıb, divar qəzeti hazırlayacaq, alternativ enerji haqqında 2-3 dəqiqəlik qısa film çəkəcək, ABOEM haqqında buklet tərtib edərək, tərtib etdikləri bukletlərlə vətəndaşlardan videosorğu keçirəcək, bu sahəni əks etdirən rəsm çəkib, plastilin, taxta, kağız, ip, müxtəlif bəzək əşyaları və ya tullantı materialları vasitəsilə plakatlar hazırlayacaqlar.