İQTİSADİYYAT
Şagirdlər üçün “İnternetdə uşaqların hüquqları” mövzusunda təlim keçirilib
Bakı, 23 noyabr, Elvira Məmmədova, AZƏRTAC
Noyabrın 23-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Təhsil Nazirliyi ilə birgə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsinin ildönümü münasibətilə “İnternetdə uşaqların hüquqları” mövzusunda təlim keçirib.
Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilən təlimin məqsədi internetdə uşaqların hüquqları, bu hüquqlardan istifadə zamanı internetdən təhlükəsiz istifadənin təbliği, uşaqların informasiya təhlükəsizliyi sahəsində biliklərinin artırılmasıdır.
AZƏRTAC xəbər verir ki, təlimə Sumqayıt, Gəncə (2 mərkəz), Mingəçevir, Lənkəran, Bərdə və Qazax şəhərlərində yerləşən Təlim-Tədris mərkəzləri də videokonfrans vasitəsilə qoşulublar. Bakıda, həmçinin region mərkəzlərində orta ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri iştirak edib.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Elektron Təhlükəsizlik Mərkəzinin nümayəndələri şagirdlərə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının qəbul edilməsi, bu mühüm sənədin müddəaları barədə məlumat verib, “İnternetdə uşaqların hüquqları” mövzusunda təqdimatla çıxış ediblər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb, onlara müvafiq tövsiyələr verilib.