REGİONLAR
Şagirdlər ulu öndər Heydər Əliyevin dövlət quruculuğundakı fəaliyyəti barədə məlumatları maraqla dinləyiblər
Tərtər, 18 aprel, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində rayonunun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq dərslər davam edir.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərsdə Azad Qaraqoyunlu və Kəngərli kənd tam orta məktəblərinin XI sinif şagirdləri iştirak ediblər. Məktəblilər əvvəlcə Mərkəzdə dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponat və fotostendlərlə tanış olub, elektron kitabxanada və kompyuter otağında Ümummilli Liderlə bağlı məlumat əldə ediblər.
Açıq dərsdə şagirdlər tarix müəllimi Sadiq Məmmədovun “1991-ci ilin 18 oktyabrında Müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi” mövzusunda məruzəsini dinləyib, dahi liderin keçdiyi şərəfli həyat yolundan bəhs edən filmə baxıblar.
Tədris prosesində ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu, ölkədə iqtisadi dirçəlişə nail olunması sahəsində gərgin fəaliyyəti barədə, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxması ilə əlaqədar məlumatlar şagirdlər tərəfindən böyük maraqla dinlənilib.
Qeyd edək ki, bu günədək Tərtər şəhərindəki Heydər Əliyev Mərkəzində keçilən dərslərə Tərtər rayonu üzrə 710, Kəlbəcər rayonu üzrə isə 45 nəfər XI sinif şagirdinə dahi rəhbərin həyat və fəaliyyətinin müxtəlif məqamları ilə bağlı dolğun məlumatlar verilib.