QAN YADDAŞI
Şagirdlərə azərbaycanlıların soyqırımı haqqında məlumat verilib
Bakı, 1 aprel, AZƏRTAC
Ölkəmizin Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar açıq dərs keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, dərsdə iştirak edən Daşkənd Nəqliyyat Kollecinin, 147 və 83 nömrəli orta məktəblərin şagirdləri əvvəlcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların soyqırımı və deportasiyası ilə əlaqədar açılan kitab sərgisi ilə tanış olublar.
Mərkəzin əməkdaşı Kifayət Pirməmmədova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı haqqında şagirdlərə ətraflı məlumat verib. Bildirib ki, 1998-ci il martın 26-da Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin imzaladığı Fərmana əsasən, hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi dərin hüznlə anılır.
Qeyd edilib ki, ermənilər iki əsrdən artıq müddətdə azərbaycanlılara qarşı soyqırımlar, kütləvi qırğınlar, amansız cinayətlər törədiblər. 1918-ci ilin martında erməni daşnakları tərəfindən Azərbaycanın Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və başqa bölgələrində törədilən soyqırımları nəticəsində on minlərlə günahsız insan qətlə yetirilib.
Şagirdlərə Qubada aşkar olunan kütləvi məzarlıq barədə məlumat verilib, burada Soyqırımı Memorial Kompleksinin inşa edildiyi diqqətə çatdırılıb.