ELM VƏ TƏHSİL
Şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb
Bakı, 9 iyul, AZƏRTAC
İyunun 9-da 139 nömrəli tam orta məktəbdə şagirdlər üçün “Yanğın zamanı məktəbdə xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üzrə birgə fəaliyyətin təşkili” mövzusunda təlim keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, “Məktəblinin dostu” pilot layihəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə reallaşdırılan təlimin məqsədi şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdir.
Təlim zamanı şagirdlərə yanğının söndürülməsi, yaralılara ilkin tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilib. Ətrafdakı radiasiyanın müəyyənləşdirilməsi, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib.
Şagirdlər ilkin tibbi yardım və təxliyə zamanı zəruri bacarıqlarını nümayiş etdiriblər. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.
Məktəblilər FHN-nin əməkdaşları tərəfindən nümayiş etdirilən əyani vəsaitlərlə də yaxından tanış olublar.