ELM VƏ TƏHSİL
Şagirdlərin mühəndis ixtisaslarına marağı artır
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) insan resursları departamentinin mütəxəssisləri 2012-ci ildən etibarən ümumtəhsil müəssisələrində şirkətin təhsillə bağlı layihə və proqramları barədə təqdimatlar keçirirlər. Bu silsilədən olan tədbirlər indiyədək 28 məktəbin iki minə yaxın yuxarı sinif şagirdini əhatə edib və onlarda mühəndis ixtisaslarına böyük maraq oyadıb. Cari tədris ilində “Gələcəyin mühəndisləri” layihəsinin ilk təqdimatı isə Bakının Nizami rayonundakı Kamil Eyyubov adına 12 nömrəli orta məktəbdə keçirilib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə məktəbin direktoru Əli Alıyev Dövlət Neft Şirkətinin son dövrlərdəki uğurlarından danışıb, şirkətin ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil etdiyini deyib.
Sonra departamentin təlim və inkişaf şöbəsinin əməkdaşları çıxış edərək ARDNŞ-in tarixi, strukturu, yeni layihələri, “Əsrin müqaviləsi” haqqında danışıb, kadr hazırlığı proqramlarından, Bakı Ali Neft Məktəbinin fəaliyyətindən bəhs ediblər. Şagirdlərə Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilən xarici təqaüd, daxili təqaüd, yay məktəbi, yay təcrübəsi layihələri barədə məlumat verilib.
Qeyd olunub ki, təkcə xarici təqaüd proqramına əsasən son 8 ildə 247 nəfər gənc ARDNŞ-in maliyyə vəsaiti hesabına dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb və şirkətdə işlə təmin olunub.
Görüşdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb və təhsildə fərqlənən şagirdlər Dövlət Neft Şirkətinin hədiyyələri ilə mükafatlandırılıb.