ELM VƏ TƏHSİL
“Sağlam gələcək naminə” layihəsinə start verilib
Bakı, 14 noyabr, Zərəngiz Mansurova, AZƏRTAC
“Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Psixologiya və Konsultasiya Mərkəzinin tərəfdaşlığı ilə Bakı və Gəncə şəhər orta məktəblərini əhatə edən “Sağlam gələcək naminə” adlı layihəyə start verilib.
Layihənin rəhbəri Fərhad Abdulov AZƏRTAC-a bildirib ki, layihənin məqsədi 14-18 yaş arasında gənclərin fizioloji və psixoloji dəyişikliklər dövründə valideyn-övlad münasibətlərinə dair, habelə erkən nikahların, zərərli vərdişlərin aradan qaldırılması istiqamətlərində maarifləndirilməsidir. Layihənin 100-dək məktəbdə keçirilməsi nəzərdə tutulur.
İlk təlim Bakı şəhər 164 nömrəli tam orta məktəbdə keçirilib. Tədbirdə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyinin sədr müavini Tural Əliyev, idarə heyətinin üzvü Simran Məlikov layihə haqqında məlumat veriblər. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Könül Cəfərova zərərli vərdişlərin qarşısının alınması, sosial şəbəkələrdən istifadə zamanı yaranan xoşagəlməz hallar barədə şagirdləri maarifləndirib.
Tədbir diskussiya formatında davam edib, şagirdləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.