CƏMİYYƏT
Sağlam həyat tərzinin təbliği mövzusunda “dəyirmi masa” keçirilib
Bakı, 14 iyul, AZƏRTAC
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Sağlamlığı təşviq edən məktəblər” beynəlxalq layihəsinin ölkəmizdə reallaşdırılması istiqamətində növbəti tədris ilinin fəaliyyət planı üzrə görüləcək işlərin müzakirəsinə dair “dəyirmi masa” keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Səhiyyə və Təhsil nazirliklərinin nümayəndələri, direktorlar və paytaxtın 177, 149, 110 və 5 nömrəli tam orta məktəblərindən olan layihə üzrə işçi qruplarının nümayəndələri və mərkəzin əməkdaşları iştirak ediblər.
Mərkəzin şöbə müdiri Səbinə Babazadə layihə ilə bağlı ətraflı məlumat verərək bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının yardım göstərdiyi “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi Avropanın 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilib. Məktəblərdə sağlam həyat tərzi, normal fiziki inkişafın təbliği və təmin edilməsi, uşaqların sağlamlığının qorunmasını təşviq edən şəbəkənin əsas məqsədi şagirdlərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına kömək göstərməkdir.
Tam orta məktəblərdən olan işçi qrupları üçün mərkəzin şöbə müdiri Nabil Seyidov layihənin ölkəmizdə reallaşdırılması istiqamətində növbəti tədris ili üçün nəzərdə tutulmuş fəaliyyət planından bəhs edib. O, ölkəmizdə uşaq və yeniyetmələrin sağlamlıq vəziyyəti, problemlər, çətinliklər və onların həlli istiqamətində “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində əldə olunmuş nailiyyətlərdən danışıb.
Mərkəzin həkim-metodisti Raisa Əhmədova “Azərbaycanda məktəblilərin sağlamlıq vəziyyətinə ümumi baxış” adlı təqdimatında uşaqların sağlam qidalanması, sağlam davranışları ilə bağlı vəziyyət barədə məlumat verib.
Sonda rəy və təkliflər səsləndirilib, müzakirələr aparılıb.