CƏMİYYƏT


“Sağlam ürək həftəsi” çərçivəsində Bakıda bir sıra tədbirlər təşkil olunacaq

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) Dünya Ürək Günü ilə əlaqədar sentyabrın son həftəsini “Sağlam ürək həftəsi” elan edir.

Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, həftə çərçivəsində sentyabrın 28-dən 30-dək paytaxtda yerləşən alış-veriş mərkəzlərində “Həyatına enerji qat!” şüarı altında aksiyalar təşkil olunacaq, ictimaiyyət nümayəndələri ilkin tibbi müayinədən keçiriləcək, əhalinin ürək sağlamlığı üçün vacib olan məlumatlardan hazırlanmış maarifləndirici məlumat kitabçaları paylanılacaq. Oktyabrın 1-də isə Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti Səhiyyə Nazirliyi ilə birgə “Park İnn” hotelində yerli və əcnəbi kardioloq və kardiocərrahların iştirakı ilə beynəlxalq elmi konfrans keçirəcək.

AÜDCC-nin sədri, tibb elmləri doktoru, kardiocərrah Kamran Musayev bununla yanaşı, sosial şəbəkələr vasitəsilə geniş təbliğat kampaniyasının həyata keçiriləcəyini də bildirib: “Sosial şəbəkələr bu gün cəmiyyət həyatının ayrılmaz parçasına çevrilib. Bu məqsədlə bütün sosial şəbəkə istifadəçilərini aktiv olaraq təbliğat kampaniyasına qoşulmağa səsləyirəm. "Həyatına enerji qat!" sağlamlıq həftəsinə qoşulun, sağlam ürək selfisi çəkərək sosial şəbəkə hesablarınızda #worldheartday #dünyaürəkgünü #poweryourlife #həyatınaenerjiqat hashtag-larından istifadə edərək paylaşın və Dünya Ürək Gününə töhfənizi verin”.

Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il sentyabrın 29-u Dünya Ürək Günü kimi qeyd olunur. Dünya Ürək Federasiyası dünyanın 100-dən çox ölkəsində ürək cəmiyyətləri və ürək fondlarının birgə səyi sayəsində 200 üzv təşkilatın birləşmiş icması vasitəsilə bütün dünyada ürək xəstəliklərinə qarşı mübarizə aparır. Dünya Ürək Gününün keçirilməsində məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır. Dünya Ürək Federasiyası Dünya Ürək Gününü hər il fərqli şüarla qeyd edir. “Həyatına enerji qat!” Dünya Ürək Gününün builki şüarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.