CƏMİYYƏT
“Sağlam ürək həftəsi” çərçivəsində Bakıda bir sıra tədbirlər təşkil olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) Dünya Ürək Günü ilə əlaqədar sentyabrın son həftəsini “Sağlam ürək həftəsi” elan edib.
Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, həftə çərçivəsində sentyabrın 29-da paytaxtda yerləşən alış-veriş mərkəzlərində “Həyatına enerji qat!” şüarı altında aksiyalar təşkil olunub, ictimaiyyət nümayəndələri ilkin tibbi müayinədən keçirilib, ürək sağlamlığı üçün vacib olan məlumatlardan hazırlanmış maarifləndirici məlumat kitabçaları paylanılıb.
Dünya Ürək Federasiyasının təşəbbüsü ilə 2000-ci ildən etibarən hər il sentyabrın 29-u Dünya Ürək Günü kimi qeyd olunur. Məqsəd əhalini ürək-damar xəstəliklərinin təhlükəliliyi barədə məlumatlandırmaq, bu xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin uğurla aparılmasına nail olmaqdır. Dünya Ürək Federasiyası Dünya Ürək Gününü hər il fərqli şüarla qeyd edir. “Həyatına enerji qat!” Dünya Ürək Gününün builki şüarıdır.