CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud 1150 gənc təlimlərə cəlb olunub
Bakı, 26 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 1150 nəfər peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda isə Mərkəzdə 105 gənc peşə təlimindədir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin sağlamlıq imkanları məhdud gənclərə xüsusi qayğısının nəticəsində yaradılan mərkəz bu təbəqədən olan gənclərin peşə reabilitasiyasında və məşğulluq imkanlarına yiyələnmələrində mühüm rol oynayır. Mərkəzdə ölkəmizin bütün bölgələrindən sağlamlıq imkanları məhdud gənclər kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma və s. peşələr üzrə hazırlıq kurslarına cəlb olunurlar. Kursları bitirdikdən sonra onlara peşə şəhadətnamələri təqdim edilir. Peşə təlimində olduqları müddətdə gənclərin dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə təminatı da həyata keçirilir.
Burada peşə hazırlığı kurslarında olan sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsi üçün digər istiqamətlərdə də mühüm tədbirlər görülür. Buna misal olaraq, ötən dövrdə ölkəmizdə yüksək səviyyədə keçirilən “Bakı-2015” ilk Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarında, Formula-1 yarışlarında Mərkəzin gəncləri könüllü kimi iştirak ediblər. Gənclər göstərilən etimadı doğrultduqları üçün təltif olunublar.