CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud 25 uşaq Türkiyəyə müalicəyə göndərilib
Bakı, 14 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud 25 uşaq valideynlərindən biri ilə bərabər Türkiyənin ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınan uşaqların valideynləri Azərbaycan Prezidenti İlham Əliyevin uşaqların sosial müdafiəsinə, habelə sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasına, onların cəmiyyətə inteqrasiyasına diqqət və qayğısından razılıqla bəhs ediblər. Onlar övladlarının xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Nazirliyin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin uğurla davam etdirildiyini bildirib: “Cari ilin ötən dövründə bu təbəqələrdən olan 105 nəfərin, o cümlədən 70 nəfər əlilliyi olan şəxsin və 35 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa müalicəsi təşkil edilib. Hazırda göndərilən şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində beşulduz oteldə yerləşdiriləcəklər. Orada peşəkar həkim-reabilitoloqlar tərəfindən həmin bölgənin təbii müalicəvi resurslarından istifadə edilməklə uşaqlar səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb olunacaqlar. Bununla yanaşı, orada olduqları müddətdə həmin uşaqları müşayiət edən valideynlərin də ilk dəfə olaraq reabilitasiya tədbirlərinə cəlb olunması təmin ediləcək”.
S.Abdullayev bu ilin ilk yarımilində əlilliyi və sağlamlıq imkanları məhdud olan 40 nəfərin ölkə daxilində və xaricdə müalicəsinə kömək göstərildiyini də bildirib: “Eyni zamanda, uşaqların sosial təminatı istiqamətində də məqsədyönlü işlər aparılır. Hazırda sağlamlıq imkanları məhdud uşaqlar, valideyn himayəsindən məhrum olmuş uşaqlar, müharibə əlillərinin uşaqları, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər təbəqələrdən olan uşaqlar sosial müavinət sistemi ilə əhatə olunublar. Bu müavinətlərin də mütəmadi olaraq artırılması təmin edilir”.
Şöbə müdiri, həmçinin nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində 1500-dən çox uşağın reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edildiyini diqqətə çatdırıb. O, nazirliyin ayrı-ayrı bərpa mərkəzlərində olduğu kimi, Bakıdakı Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun şəraitin yaradılması üçün işlərin aparıldığını bildirib.