CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud bir qrup azərbaycanlı gənc Moskvada festivalda çıxış edib
Bakı, 1 sentyabr, AZƏRTAC
Moskvada əlilliyi olan və sağlamlıq imkanları məhdud gənclərin “Məhrumiyyətsiz həyat” adlı VI incəsənət festivalında ölkəmizi “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin 12 nəfərlik nümayəndə heyəti təmsil edib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, tədbirin açılışında çıxış edən Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru, professor Vaqif Bayramov vurğulayıb ki, böyük sosial əhəmiyyət daşıyan bu festivalın keçirilməsində əsas məqsəd əlilliyi olan istedadlı gənclərin aşkar edilməsindən, onların fəal həyata daha çox inteqrasiyasına dəstək göstərilməsindən ibarətdir.
Festivalda Rusiyanın hər yerindən gəlmiş sağlamlıq imkanları məhdud gənclər iştirak ediblər. Festivalın sonuncu günü 7 nominasiya üzrə qalib olan gənclərə xüsusi mükafatlar təqdim edilib.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən uşaqlardan ibarət rəqs qrupunun ifasında “Azərbaycan rəqsi” və “Şərq rəqsi”, eləcə də gənc müğənni Kamil Ağayevin ifasında korifey sənətkarımız Müslüm Maqomayevin “Dəniz” mahnısı festival iştirakçılarına gözəl təsir bağışlayıb.
Rusiyanın müxtəlif yerlərindən festivalda iştirak edən bir qrup gəncin “Beynəlxalq Əlillər Cəmiyyəti”nin qızlardan ibarət rəqs qrupu ilə birgə hazırladığı “Şərq şahzadəsi” adlı rəqs böyük marağa səbəb olub.
“Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri festivalın Təşkilat Komitəsi tərəfindən mükafatlandırılaraq 2017-ci ildə keçiriləcək VII incəsənət festivalına dəvət alıblar.