ELM VƏ TƏHSİL
Sağlamlıq imkanları məhdud məktəblilər arasında şən start və atletika yarışları keçirilib
Bakı, 21 may, AZƏRTAC
Sağlamlıq imkanları məhdud məktəblilər arasında "Bakı - 2015" birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin təbliğinə həsr edilən şən start və atletika yarışları keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Buzovna qəsəbəsi 8 nömrəli sanatoriya tipli internat məktəbində keçirilən yarışlarda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli, Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi, E.Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi, 8 nömrəli sanatoriya tipli və 11 nömrəli inteqrasiya təlimli internat məktəblərinin komandaları iştirak ediblər.
Şən startlar üzrə keçirilən yarışda birinci yeri 8 nömrəli, ikinci yeri 6 nömrəli, üçüncü yeri 11 nömrəli, atletika idman növü üzrə isə birinci yeri 6 nömrəli, ikinci yeri 5 nömrəli, üçüncü yeri 2 nömrəli internat məktəblərin komandaları tutub.
Qaliblər Təhsil Nazirliyi tərəfindən diplom və medallara layiq görülüblər.