REGİONLAR


Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilib VİDEO

A+ A

Naxçıvan, 29 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq, sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov tədbirdə çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri sayəsində muxtar respublikamız sürətlə inkişaf edib və müasirləşib. Bu müddətdə qadınların məşğulluğunun təmin olunması da diqqətdə saxlanılıb, onların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Muxtar respublikada yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır. Sevindirici haldır ki, muxtar respublika qadınları yaradılmış bütün imkanlardan istifadə edərək təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi, mədəni proseslərdə iştirak edir, özəl sektorda geniş təmsil olunur, dövlət qurumlarında, o cümlədən hüquq-mühafizə orqanlarında, təhsil, səhiyyə, mədəniyyət müəssisələrində fəaliyyət göstərirlər.

Vurğulanıb ki, hazırda müxtəlif peşə sahələrində çalışan qadınların sayı ildən-ilə artmaqdadır. Öz fəaliyyətləri ilə seçilən qadınların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinə, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülürlər. Qadınların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma kimi peşə kursları təşkil olunur və bu kurslara sağlamlıq imkanları məhdud qadınlar da cəlb edilir.

“Muxtar respublikada müxtəlif fəaliyyət sahələri ilə məşğul olan qadınlar kimi, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaşatmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınlara da xüsusi diqqət göstərilir”, – deyən Rəhman Məmmədov bildirib ki, bunun da nəticəsində istedadlı qadınların məşğulluğu təmin edilir, onların rifah hallarının yüksəldilməsi üçün əl işlərinin sərgi-satışı təşkil olunur. Muxtar respublikamızda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkili artıq ənənə halını alıb.

Bu gün isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən, sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət növbəti sərgi-satış təşkil olunur. Bu sərgidə qadınlarımız qədim xalq sənətlərimizdən olan bir çox nümunələr nümayiş etdirirlər. Sərgi-satışa muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud 54 şəxsin 254, 227 istedadlı qadının isə 934 olmaqla, ümumilikdə, 281 qadının müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 1188 yaradıcılıq nümunəsi çıxarılıb.

Bu sərgi-satışın milli dəyərlərimizi, adət-ənənələrimizi yaşatmaqla yanaşı, istedadlı qadınların üzə çıxmasında mühüm rol oynayacağına əminliyini bildirən Rəhman Məmmədov istedadlı qadınlara yeni yaradıcılıq uğurları arzulayıb.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov tədbirdə çıxış edərək bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərin istedad və bacarıqlarının aşkar edilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu məqsədlə hər il idman yarışları, bədii yaradıcılıq və bilik müsabiqələri, əl işlərindən ibarət sərgilər təşkil olunur. Sərgilərdə fərqlənən şəxslərin əl işləri respublika səviyyəli müsabiqələrdə nümayiş etdirilir. Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların yaradıcılıq potensiallarının dəstəklənməsi onların yaradıcılıq əzmini daha da artırır. Bu gün sərgi-satışın təşkil edilməsi də qeyd olunan tədbirlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında sərgi-satışın əlamətdar bir gündə – Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradıldığı gündə keçirildiyini vurğulayıb. Qeyd olunub ki, ümumiyyətlə, müstəqillik illərində, xüsusən də 1995-ci ildən başlayaraq muxtar respublikada həyata keçirilən dövlət-qadın siyasətinin nəticəsi olaraq qadınlarımız dövlət quruculuğunda, ictimai həyatda fəal iştirak edir, sosial-iqtisadi, elmi və mədəni inkişafa öz töhfələrini verirlər.

Verilən tapşırığa uyğun olaraq cari ilin ötən dövründə muxtar respublikanın rayon mərkəzlərində bu səpkidə sərgilər keçirildiyini deyən Ramilə Seyidova bildirib ki, hər bir rayona məxsus adət-ənənələrin əl işlərində əksini tapması, ailə-məişət tərzlərinin, məxsusi xalçaların, bəzək nümunələrinin, gündəlik məişətdə istifadə olunan əşyaların sərgiyə çıxarılması sərgi-satışları bir-birindən fərqləndirib. Ümumilikdə, sərgi-satışlarda 385 istedadlı qadının 2907 rəsm və əl işi satışa çıxarılıb, 175 qadının 4489 manat dəyərində 383 rəsm və əl işi satılıb. Ümumiyyətlə, cari ildə keçirilən sərgi-satışlarda 259 istedadlı qadının 6625 manat dəyərində 709 rəsm və əl işi satılıb.

Sonra sərgiyə baxış olub.

Sərgi-satış 10 gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.