REGİONLAR


Sağlamlıq imkanları məhdud uşaqlar “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar

A+ A

Naxçıvan, 11 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə eşitmə qabiliyyəti məhdud 10 uşaq “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində uşaqlara muzey haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardır. Naxçıvanın 5 minillik şəhər mədəniyyəti uşaqlarda böyük maraq doğurub. Kompleksin yanında yerləşən Nuh peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru Ramin Səfərov muxtar respublikada eşitmə imkanları məhdud uşaqlar üçün Bakıdan dəvət olunan müəllim tərəfindən kurs keçirildiyini diqqətə çatdıraraq, hər il təşkili ənənə halını almış kursun bu illik dərs müddətinin sona çatdığını bildirdi. Lakin buna baxmayaraq, həftədə 4 dəfə olmaqla, skayp vasitəsilə dərslər davam etdiriləcək.

Təşkil edilmiş kursun müəllimi Zərqələm İsmayılova eşitmə qabiliyyəti məhdud uşaqlara dərs keçmək məqsədilə Naxçıvana gəldiyini, 1 ay ərzində 10 uşaqla məşğul olduğunu bildirdi.

Zərqələm İsmayılova qeyd etdi ki, kursun sonunda bir çox muzeylərdə olmağı planlaşdırsalar da, əvvəlcə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gəliblər. Uşaqların milli mənəvi dəyərləri mənimsəməsi, onların tarixi-memarlıq abidələrini öyrənmələri baxımından bura mühüm əhəmiyyət kəsb etməklə yanaşı, belə gəzintilər həm də onların sevincinə səbəb olur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.