CƏMİYYƏT


Sağlamlıq imkanları məhdud uşaqlar üçün Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib

Bakı, 1 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər təşkil olunub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, keçirilən tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyevin uşaqların sağlamlığının mühafizəsinə, onların fiziki və mənəvi inkişafına, habelə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyasına xüsusi diqqət və qayğısından bəhs olunub. Bildirilib ki, Azərbaycanda aparılan dövlət siyasəti hər bir uşağın sağlam və firavan böyüməsi, layiqli vətəndaş kimi formalaşması üçün hərtərəfli şərait yaradılmasını, müvafiq hallarda etibarlı sosial təminat növləri ilə təmin edilməsini nəzərdə tutur.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl AES əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, sosial yardım alan aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlar, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqları aylıq sosial müavinət sistemi ilə əhatə olunublar. Həmçinin sosial yardım alan aztəminatlı ailələrin ailə üzvlərinin təqribən yarısı, ailə başçısını itirməyə görə aylıq sosial müavinət və ya əmək pensiyası alan ailə üzvlərinin isə böyük əksəriyyəti uşaqlardır. Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına Prezident qayğısının əyani təzahürü olaraq, nazirliyin Uşaq Bərpa Mərkəzində bərpa-müalicə şəraiti ən yüksək standartlara uyğun səviyyədə qurulub.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sağlamlıq imkanları məhdud uşaqlarla bağlı humanist layihələrindən də bəhs olunub. Vurğulanıb ki, bu layihələr nəticəsində 1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb, həmçinin Bakıda Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi inşa etdirilərək istifadəyə verilib.

1 saylı və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində ümumilikdə 326 nəfər uşaq yaşayır. Onların hərtərəfli təminatı işləri ilə bərabər, uşaqların ailə mühitində böyümələri üçün de-institusionalizasiya tədbirləri də davam etdirilir. Ötən il və cari ilin yanvar-may aylarında hər iki sosial xidmət müəssisəsindən 40 nəfər uşağın doğma ailə mühitinə qayıtmasına nail olunub.

Tədbirlər zamanı hər iki müəssisədə uşaqların hərtərəfli təminatı vəziyyətinə, habelə onların bacarıqlarının inkişa¬fı üçün aparılan reabilitasiya yönümlü işlərə, müxtəlif dərnəklərə və mini emalatxanalara, uşaqların rəsm, tikmə, ağac üzərində oyma, toxuma və s. növlərdə hazırladıqları əl işlərinə baxış olub.

Bayram süfrəsi ətrafında keçən tədbirlərdə uşaqlara müxtəlif hədiyyələr verilib. Sağlamlıq imkanları məhdud ayrı-ayrı uşaqlar mahnı və şeirlər səsləndirib, öz bacarıqlarını nümayiş etdiriblər. Tədbirlər incəsənət ustalarının iştirakı ilə uşaqlar üçün musiqili-əyləncəli proqramlarla davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.