ELM VƏ TƏHSİL
Sağlamlıq imkanları məhdud uşaqlar üçün konsert təşkil olunub
Bakı, 16 may, AZƏRTAC
Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin təşkilatçılığı ilə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş hesabat konserti keçirilib.
Konsert sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, xüsusi internat məktəblərində fəaliyyət göstərən eksperimental studiyaların dərnək üzvlərinin iştirakı ilə keçirilən konsertin təşkilinin məqsədi valideyn himayəsindən məhrum, sağlamlığının bərpasına ehtiyacı olan uşaq və yeniyetmələrin incəsənət və mədəniyyət bacarıqlarının formalaşmasına, xalqımızın milli ənənələri ruhunda böyümələrinə kömək etmək, onlara özünəinam hissini aşılamaqdır.
Konsertdə mərkəzin eksperimental studiyalarında fəaliyyət göstərən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi təhsil məktəbi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli xüsusi internat məktəbi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində fəaliyyət göstərən “Dram”, “Nitq mədəniyyəti”, “Bədii qiraət”, “Musiqi” dərnəklərinin üzvləri ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri nümayiş etdiriblər.
İnternat məktəbinin foyesində “Təsviri-sənət” və “Dekorativ-tətbiqi sənət” dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi təşkil olunub.
Tədbirdə fəal iştirakı ilə fərqlənən şagirdlərə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin diplomları təqdim edilib.