CƏMİYYƏT


Sağlamlıq imkanları məhdud uşaqların 40 faizi sinir sistemi xəstəliklərindən əziyyət çəkir

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzində müalicə alan uşaqların 40 faizi sinir sistemi xəstəliklərindən, 30 faizi dayaq hərəkət sistemi xəstəliklərindən, 20 faizi yuxarı və aşağı tənəffüs sistemi xəstəliklərindən, 10 faizi müxtəlif xəstəliklərdən əziyyət çəkir.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, 2015-ci ildə mərkəzə ilk dəfə müraciət etmiş 98 xəstə daxil olub. Bu ilin ilk 6 ayında isə bu göstərici 88 nəfər təşkil edib. Mərkəzə daxil olmuş xəstələr qeydiyyata götürülərək hər iki aydan bir müalicə kursu keçirlər.

Ötən ilin yanvar-iyun aylarında mərkəzə 19661 gəliş qeydə alınıbsa, 2016-cı ilin müvafiq dövründə bu rəqəm 20612-yə çatıb.

Səhiyyə Nazirliyinin 2014–2020-ci illər üzrə Strateji Planına əsasən uşaqlıq dövrünə xas olan əlilliyin profilaktikası və müalicəsi sahəsində aparılan işlər sayəsində mərkəzə daxil olan 1 yaşına qədər uşaqların sayının əvvəlki illə müqayisədə 40 faiz artması müşahidə olunur.

Uşaq Bərpa Müalicə Mərkəzində uşaqlar xüsusi prinsiplərlə müalicə kursu keçirlər. Hər bir xəstənin yaşı, xəstəliyinin ağırlıq dərəcəsi, yanaşı olan xəstəlikləri nəzərə alınır. Mərkəzdə xəstələr il ərzində 3-6 mərhələdə bərpa-müalicə kursu keçirlər. Burada valideynlərlə də iş aparılır. Belə tədbirlərdən biri kimi Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Uşaq Bərpa Müalicə Mərkəzində keçirilən “Günəş hamı üçündür” adlı maarifləndirmə layihəsini qeyd etmək olar. Layihədə mərkəzdə müalicə olunan sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynlərı iştirak ediblər.

Uşaq Bərpa Müalicə Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların fiziki reabilitasiyası ilə yanaşı, bu uşaqların dolğun həyat yaşamasına və sosial adaptasiyasına da önəm verilir. Belə ki, mərkəzdə təşkil olunmuş rəsm terapiyası kursu keçən xəstələr Azərbaycan Rəssamlıq Akademiyasında “Mənim rəngli dünyam” adlı sərgidə iştirak ediblər. Əlində fırça tuta bilməyən xəstələr barmaqlarını rəngə batıraraq yaratdıqları rəsmlərdə öz arzularını ifadə ediblər. Bundan əlavə, Səhiyyə Nazirliyinin və Azərbaycan Uşaq Paralimpiya Komitəsinin dəstəyi ilə mərkəzdə boçço oyunu üzrə dərnək təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.