REGİONLAR


Sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzindədir

A+ A

Naxçıvan, 11 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən növbəti tədbirdə 70-ə yaxın uşaq iştirak edib.

AZƏRTAC xəbər verir ki, uşaqlar əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər. Hazırda 4 min 600-dən çox eksponatın mühafizə olunduğu muzeydə ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında geniş məlumat verilib.

Sonra uşaqlar Naxçıvan Dövlət Xalça Muzeyində olublar. Bildirilib ki, Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılaraq fəaliyyətə başlayıb, 2010-cu ildə muzey yeni bina ilə təmin olunub. 2013-cü ildə muzeydə yenidənqurma işləri aparılıb.

Daha sonra uşaqlar Naxçıvan Dövlət Film Fonduna gəliblər. Fondun direktoru Mirakif Seyidov çıxış edərək bildirib ki, qrafikə uyğun olaraq qarşıdakı günlərdə uşaqlar “Bir qalanın sirri”, “Sehrli xalat” bədii filmlərinə baxa biləcəklər. Uşaqlara Azərbaycan uşaq kinosunun inkişaf tarixindən, cizgi filmlərimizin çəkilməsindən də söhbət açılıb.

Sonra uşaqlar tanınmış rejissor Şamil Mahmudbəyovun 1966-cı ildə sevimli yazıçımız Süleyman Sani Axundovun “Qaraca qız” povestinin motivləri əsasında ekranlaşdırdığı eyniadlı filmə baxıblar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il yanvarın 11-də imzaladığı Sərəncam ilə təsdiq edilən “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nda muxtar respublikanın bir sıra nazirlikləri, komitələri, idarələri qarşısında mühüm vəzifələr qoyulub, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün məqsədyönlü tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Belə ki, proqramda bu qəbildən olan uşaqların təhsili, təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, distant dərslərin keçilməsi, onların idman məktəblərinə və məktəbdənkənar müəssisələrə cəlbi, istedadlarının üzə çıxarılması, cəmiyyətə inteqrasiyası kimi mühüm məsələlər öz əksini tapıb. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində sağlamlıq imkanları məhdud olan 825 uşaq təhsil alır. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Xüsusi qayğıya ehtiyacı olan uşaqların bir qrupu valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də aztəminatlı ailələrin uşaqlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.