REGİONLAR
Sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması diqqət mərkəzindədir
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq qarşıda duran vəzifələrdən danışıb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də qarşısında bir sıra vəzifələr qoyub. Bu baxımdan komitə aidiyyəti təşkilatlarla birgə məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması məqsədilə rübdə bir dəfə belə kurslar təşkil edir. Sözsüz ki, belə kursların təşkil olunması muxtar respublikada məktəbəqədər yaşlı sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunmasına xidmət edir.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənli vurğulayıb ki, adıçəkilən dövlət proqramından irəli gələn vəzifələrin uğurlu icrası sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsində və cəmiyyətə layiqli vətəndaş kimi yetişmələrində mühüm rol oynayacaq. Məktəbəqədər təhsil müəssisələrində çalışan metodist, tərbiyəçi-müəllimlər uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə sıx əlaqə saxlamalı, bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyasına daha çox səy göstərməlidirlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara əyani vəsait¬lər paylanılıb.