REGİONLAR


Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə  eksponatlar təqdim olunub

Şahbuz, 14 iyul, AZƏRTAC

Muxtar respublikada muzey fondlarının zənginləşdirilməsi məqsədilə Şahbuz rayonunun üç sakini tərəfindən qədim mədəniyyətimizi və tariximizi əks etdirən 30 eksponat Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinə təqdim edilib. Eksponatlar içərisində qədim qablar, məişət əşyaları, küp, toxuculuq nümunələri və sair var.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova Naxçıvan Muxtar Respublikasında 29 muzey və muzeytipli müəssisənin fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, muzeylərdə xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 minə yaxın maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” 2014-cü il dekabrın 19-da imzaladığı Sərəncama əsasən muxtar respublikanın nazirlik, komitə və təşkilatlarının kollektivlərinin mütəşəkkil şəkildə muzeyləri ziyarət etmələrindən danışan nazir bildirib ki, bu ilin 6 ayı ərzində 217 mindən çox vətəndaş muzeylərimizi ziyarət edib.

Qeyd olunub ki, muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. 2016-cı ildə muxtar respublika muzeylərinə 1500-dən çox, bu ilin 6 ayı ərzində isə 759 eksponat daxil olub ki, bu eksponatlar da muxtar respublika sakinləri tərəfindən muzeylərə könüllü olaraq təqdim edilib. Naxçıvan Dövlət Tarix Muzeyində, Xan sarayında, Xalça Muzeyində, Cəlil Məmmədquluzadənin ev-muzeyində, Babək, Ordubad, Kəngərli, Culfa Rayon Tarix-Diyarşünaslıq muzeylərində bu cür təqdimatlar keçirilib.

Sonra eksponatları muzeyə hədiyyə edənlərdən Şahbuzkənd sakini Nihad Quliyev çıxış edərək deyib ki, maddi-mədəni irsimizin qorunması baxımından bu tədbirlər əhəmiyyətlidir. Bu eksponatların muzeylərimizə verilməsi zəngin mədəni irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.