REGİONLAR


Şahbuz rayonunda istedadlı qadınların əl işlərindən ibarət satış-sərgi təşkil olunub

Şahbuz, 1 iyul, AZƏRTAC

Şahbuz rayonunda istedadlı qadınların əl işlərindən ibarət satış-sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərginin açılışında rayon icra hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək muxtar respublikada qadınların əməyinin qiymətləndirilməsinin daim diqqət mərkəzində olduğunu bildirib. Qeyd olunub ki, həyata keçirilən quruculuq tədbirləri sayəsində ən ucqar sərhəd kəndlərində də qadınların iş və məişət şəraiti yaxşılaşdırılıb. Bu gün nəinki rayon mərkəzində, kəndlərdə də istifadəyə verilən sosial obyektlərdə qadınların fəaliyyəti üçün lazımi şərait yaradılır. Göstərilən qayğının nəticəsidir ki, rayon üzrə təhsil sahəsində çаlışаnlаrın 63,4, səhiyyə sаhəsində 85,2, mədəniyyət sаhəsində isə 70 faizini qаdınlаr təşkil еdir.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə artıq bir neçə ildir istedadlı qadınların əl işlərinin satış-sərgisi təşkil edilir. Şahbuz rayonunda keçirilən satış-sərgidə bütün yaşayış məntəqələrindən istedadlı qadınlar iştirak edirlər. Şahbuz şəhərindən, Badamlı qəsəbəsindən, eləcə də rayonun Keçili, Kolanı, Ayrınc və Badamlı kəndlərindən olan istedadlı qadınların əl işləri satış-sərgidə üstünlük təşkil edir. Tədbirin təşkilində məqsəd rayon üzrə qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi qorumaq, adət-ənənələrimizi gənclərə aşılamaq, mənəvi irsimizi yaşatmaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, müxtəlif fəaliyyət sahələri ilə məşğul olan qadınlar kimi, istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaratmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınlara da xüsusi diqqət göstərilir. Bu mənada, xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumların qarşılıqlı fəaliyyəti həyata keçirilir. Muxtar respublikanın hər yerində olduğu kimi, Şahbuz rayonunda da hər bir qadının, o cümlədən istedadlı qadınların məşğulluğu təmin edilir, onların rifah halının yüksəldilməsi üçün əl işlərinin satış-sərgisi təşkil olunur.

Ramilə Seyidova vurğulayıb ki, cari ildə muxtar respublikanın bütün rayon mərkəzlərində bu səpkidə sərgilərin keçirilməsi dövlət qayğısının nümunəsidir.

İstedadlı qadınlardan Vüqarə Alməmmədova çıxış edərək bildirib ki, əl işlərini satış-sərgiyə çıxarmaq onun üçün də çox xoşdur. Satış-sərgidə rayon üzrə 68 istedadlı qadının 580-dən artıq əl işinin nümayiş olunması onu göstərir ki, rayonda qurama, toxuma, tikmə kimi sənət nümunələrinə qadınlar böyük maraq göstərirlər. Rayonumuzun bütün istedadlı qadınları adından bizə bu şəraiti yaratdığına görə muxtar respublika rəhbərinə öz minnətdarlığımı bildirirəm.

Qeyd edək ki, satış-sərgi iki gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.