REGİONLAR


Şahbuz rayonunda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edilib

A+ A

Şahbuz, 22 iyul, AZƏRTAC

Şahbuz şəhərində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışın açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Nurəddin Quliyev çıxış edərək, muxtar respublikanın hər yerində olduğu kimi, Şahbuz rayonunda da qadınların yüksək dövlət qayğısı ilə əhatə olunduqlarını bildirib.

Nurəddin Quliyev qeyd edib ki, rayonda yaşayan qadınların çoxu dövlət qulluğunda, özünüidarəetmə orqanlarında fəaliyyət göstərir. Sözsüz ki, ictimaiyyətçi və vəzifəli qadınlarla yanaşı, istedadlı qadınlar da çoxdur. Onların üzə çıxarılması istiqamətində müəyyən tədbirlər görülür. Elə bunun nəticəsidir ki, həmin qadınlar əl işləri, sənət nümunələri ilə muxtar respublikada keçirilən müxtəlif istiqamətli tədbirlərdə fərqlənirlər.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, müxtəlif fəaliyyət sahələri ilə məşğul olan qadınlar kimi, xüsusi istedadları ilə seçilən, rəssamlıq, toxuculuq, el sənəti nümunələrini yaratmağı özünə fəaliyyət sahəsi seçən və asudə vaxtını bu işlərə sərf edən qadınlara da xüsusi diqqət göstərilir. Bu mənada, xalq sənətinin müxtəlif sahələri ilə məşğul olan sənətkarların əl işlərindən ibarət sərgilərin təşkil olunması məqsədilə müvafiq qurumların qarşılıqlı fəaliyyəti həyata keçirilir. Qadınların, o cümlədən istedadlı qadınların məşğulluğu təmin edilir, onların rifah halının yüksəldilməsi üçün əl işlərinin satışı təşkil olunur.

Vurğulanıb ki, cari ildə muxtar respublikanın bütün rayon mərkəzlərində bu səpkidə sərgilərin keçirilməsi nəzərdə tutulub. Bu gün Şahbuz rayonunda yaşayan istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışın təşkil edilməsində məqsəd bu rayon üzrə qadınlarımızın istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi, adət-ənənələrimizi gənclərə aşılamaqdır. Həmçinin yüz illərdən bəri ailələrimizdə qorunub saxlanılan mənəvi irsimizi, zəngin həyat tərzimizi yaşatmaqdır.

İstedadlı qadınlardan Turanə Baxşəliyeva çıxışında deyib: “Muxtar respublikada yaradılan şəraitdən, bu sahəyə göstərilən dövlət qayğısından mən də yararlanmağa çalışıram. Hazırda Şahbuz şəhərindəki uşaq bağçasında işləyirəm. Asudə vaxtlarımda müxtəlif məmulatlardan al-əlvan güllər hazırlayır, onları sərgilərə çıxarıram. Burada da təşkil olunan sərgi-satışda hazırladığım dekorativ iş – üzərlik toxuma, kətan üzərində muncuqla iş, müxtəlif güllər, bəzək əşyalarım sərgilənir”.

Sərgi-satışda rayon üzrə 65 istedadlı qadının 500-dən çox rəsm və əl işinin satışı təşkil olunub. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, milli geyimlər, toxuculuq və bir-birindən maraqlı dekorativ-tətbiqi sənət nümunələri maraqla qarşılanıb. İstedadlı qadınlardan Elnarə Qəmbərova, Reyhanə Rəhimova və başqaları qadınlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, sərgi-satış 3 gün davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.