CƏMİYYƏT
Şahdağ Milli Parkında baş verən yanğının qarşısı alınıb
Bakı, 26 noyabr, AZƏRTAC
Gecə saatlarında Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 8 saylı dolayının altı müxtəlif yerində eyni vaxtda yanğın hadisəsi baş verib.
Dərhal əraziyə cəlb olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının birgə səyləri nəticəsində noyabrın 26-da səhər saat 7 radələrində alovun qarşısı tam alınıb.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğın nəticəsində Milli Parkın 10 hektar ərazisində xəzəl və quru ot örtüyü yansa da, meşə örtüyünə ziyan dəyməyib. Yanğının eyni vaxtda bir neçə yerdə baş verməsi hadisənin bilərəkdən və qəsdən törədildiyi ehtimalını yaradır. Hadisənin səbəblərinin və təqsirkarların müəyyən edilməsi üçün Şahdağ Milli Parkı tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılıb və rayon polis şöbəsinə müraciət olunub.