REGİONLAR


“Şahdağ” Turizm Mərkəzi həm qışda, həm də yayda əcnəbi turistlərin sevimli istirahət məkanıdır  VİDEO

Qusar, 27 iyun, Elxan Yusifli, AZƏRTAC

Ramazan bayramı münasibətilə elan olunan qeyri-iş günlərində, eləcə də Bakının uğurla ev sahibliyi etdiyi Formula-1 Azərbaycan Qran-Prisi zamanı Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı xeyli artıb. İstirahət kompleksində dincələn qonaqların əksəriyyətini əcnəbi turistlər təşkil edir.

Birləşmiş Ərəb Əmirliklərindən gəlmiş turist Annet Al-Hamadi AZƏRTAC-a müsahibəsində bildirib ki, “Şahdağ” Turizm Mərkəzində ailəsi ilə birlikdə dincəlir. O deyib: “İndi Dubayda hava çox istidir. Burada isə həm gözəl mənzərə, həm də təmiz hava var. Biz müxtəlif əyləncə növlərindən istifadə etmişik. Ətrafı gəzdikcə bura bizim daha çox xoşumuza gəlir. Xəzər dənizində olmuşuq, Qusar rayonunun bir neçə maraqlı kəndinə getmişik. Lazadaki şəlalələr möhtəşəmdir. Bu, bizim Qusara üçüncü səfərimizdir. İki dəfə qışda xizək sürməyə gəlmişik. Qərara aldıq ki, Şahdağın yayını da görək. Biz buranı çox bəyəndik. Qonaqpərvərliyiniz üçün çox sağ olun”.

“Şahdağ” Turizm Mərkəzində dincələn Məhəmməd adlı əcnəbi turist bildirir ki, onlar Böyük Britaniya, Avstraliya və İraqdan olmaqla üç ölkənin təmsilçiləri birlikdə qrup şəklində səyahət edirlər. Bu, onların Azərbaycana ilk səfəridir. “Qusara iki gün əvvəl gəlmişik. Qonaqpərvərliyinizi xüsusi qeyd etməliyəm. Sürətli yollarınız var ki, bu da turizmin inkişafı üçün çox əlverişlidir. İki gün ərzində dağları, şəlalələri gördük. Biz çox ölkələr gəzmişik, amma buranın özünəməxsus xüsusiyyətləri var. Gördüklərimiz bizdə müsbət təəssüratlar yaratdı”, - deyə Məhəmməd vurğulayıb.

Qusara Məhəmmədlə eyni qrupda gəlmiş Əli də istirahətlərinin maraqlı və əyləncəli keçdiyini bildirib. Ölkəmizə ilk dəfə gəldiyini qeyd edən Əli deyib: “Ölkənizi maraqlı edən bir sıra məqamlar var. İnsanlar çox mehribandır. Burada dağları həm qışda, həm də yayda ziyarət edə bilərsiniz. Çoxlu əyləncə növləri təklif olunur. Ən əsası isə odur ki, qiymətlər çox münasibdir. Biz burada olmağımızdan çox məmnunuq”.

“Şahdağ” Turizm Mərkəzində 2017-ci ilin yay mövsümü iyun ayının 15-dən açıq elan olunub. Mərkəz yerli və xarici turistlərin istirahətinin daha mükəmməl təşkili məqsədilə çoxsaylı yay əyləncələri, müxtəlif şoular və maraqlı tədbirlər təqdim edir. Bu ildən etibarən kanat yolları və yay əyləncələri 10:30-dan 19:00-dək fəaliyyət göstərir.

Daha bir yenilik isə bütün əyləncələrdən istifadə edən hər bir qonağın sığortalanması ilə bağlıdır. Daim bələdçilərin nəzarəti altında olan turistlər hər cür təhlükəsizlik ləvazimatları ilə təmin edilirlər.

Kanat yolları 6 yaşdan kiçik uşaqlar, 70 yaşdan böyük vətəndaşlar, veteranlar və fiziki məhdudiyyətli insanlar üçün pulsuzdur.

Azərbaycanın ən gözəl regionlarından birində, Şahdağ Milli parkının yaxınlığında yerləşən mərkəzin füsunkar təbiəti yay aylarında xüsusilə göz oxşayır. Yamyaşıl dağ yamacları həm aktiv istirahəti sevən, həm də sadəcə təmiz dağ havası və ruhu dinləndirən sakitlikdən zövq almaq istəyən hər kəsin ixtiyarında olacaq.

“Şahdağ” Turizm Mərkəzinə sayca beşinci yay mövsümündə də ərəb ölkələrindən, Rusiya, İran və digər xarici dövlətlərdən çoxsaylı qonaqların gəlməsi proqnozlaşdırılır.

Qusar Turizm İnformasiya Mərkəzinin direktoru Edqar Balmətov bayram günlərində yalnız “Şahdağ” Turizm Mərkəzinə deyil, eləcə də rayondakı bütün istirahət mərkəzlərində turist axınının olduğunu bildirib. Adi günlərlə müqayisədə qonaqların sayı 70 faizədək çoxalıb. Mərkəzə daha çox ərəb ölkələrindən, Rusiya və Türkiyədən turistlər müraciət ediblər. Rayona gələcək qonaqların çoxluğu nəzərə alan mərkəz gücləndirilmiş iş rejiminə keçərək istirahət və bayram günlərində də fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.