REGİONLAR
“Şahdağ” Turizm Mərkəzində “Səyyar kitabxana” günü keçiriləcək
Bakı, 24 avqust, AZƏRTAC
Avqustun 25-də “Şahdağ” Turizm Mərkəzində Qusar rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə “Səyyar kitabxana” günü keçiriləcək.
Turizm mərkəzindən AZƏRTAC-a bildirilib ki, gün ərzində “Xarici ədəbiyyat”, “Uşaq dünyası”, “Qusarlı yazarlar”, “Yeni nəşrlər”, “Azərbaycanda multikulturalizm”, “Azərbaycan-turizm diyarıdır”, “Azərbaycanın Folklor Paytaxtı-Qusar 2016” və s. mövzularda kitab sərgiləri təşkil ediləcək.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində istirahət edən turistlərin intellektual istirahəti, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə təşkil olunacaq sərgidə 2000 nüsxədə kitab, jurnal, buklet və mütaliə vasitələri nümayiş etdiriləcək. Mərkəzdə xarici turistlərin çox olmasını nəzərə alaraq kitablar üç dildə – Azərbaycan, rus və ingilis dillərində təqdim olunacaq. Qusar rayon Mədəniyyət və Turizm Şöbəsi və Qusar rayon Mərkəzi Kitabxanasının əməkdaşları gün ərzində turistlərə kitab seçimində kömək edəcəklər.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının “Mən oxudum, sən də oxu!” şüarı ilə birgə həyata keçirdiyi və əsas məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliəyə marağını artırmaq olan “Açıq kitabxana” layihəsi çərçivəsində təşkil edilən “Səyyar kitabxana” günləri bölgələrdə geniş marağa səbəb olub.