MƏDƏNİYYƏT
“Şahdağ” Turizm Mərkəzində növbəti əyləncəli yarış təşkil olunacaq
Bakı, 2 fevral, AZƏRTAC
Fevralın 7-də “Xtreme Pro” və “Bizon Energy Drink”in sponsorluğu ilə “Şahdağ” Turizm Mərkəzində növbəti əyləncəli yarış təşkil olunacaq.
“Şahdağ” Turizm İnformasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Run n' Roll” adlanan oyunda iştirakçılar iki nəfərdən ibarət komandalar şəklində yarışaraq nəhəng hava şarı ilə “bowling” keqllərini dağıtmağa çalışacaqlar. Tədbirdə iştirak edənlər maraq, adrenalin və həyəcan dolu anlar yaşayacaq.
Yarışın sonunda maraqlı konsept, kreativ geyim, sürətlilik və dəqiqlik, həmçinin tamaşaçı simpatiyası meyarları əsasında münsiflər heyəti tərəfindən 3 qalib komanda seçiləcək və onlara tədbirin təşkilatçıları tərəfindən müxtəlif qiymətli hədiyyələr veriləcək. Yarışda iştirak etmək istəyənlərin arasında öz yaradıcı geyim və səhnəcikləri ilə fərqlənən cəmi 20 komanda bu adrenalin dolu dəqiqələri yaşamaq hüququ əldə edəcək.
Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzi hər il ənənəvi olaraq həyəcan və əyləncə sevənlər üçün bu qəbildən olan proqramlar təşkil edir. Xüsusilə gənclərin həvəs göstərdiyi bu cür tədbirlər əvvəlki illərdə də böyük marağa səbəb olub.