REGİONLAR
“Şahdağ” Turizm Mərkəzində peşə liseyinin şagirdləri üçün master-klass keçirilir
Qusar, 15 noyabr, Elxan Yusifli, AZƏRTAC
“Şahdağ” Turizm Mərkəzi noyabrın 15-dən başlayaraq “Mətbəx və qidalanma üzrə xidmət” adlı master-klass layihəsinə start verib. Üç ay davam edəcək layihə Qusar Peşə Liseyi ilə birgə reallaşdırılır.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi peşə liseyinin şagirdlərinə mətbəx və qidalanma sahələrinə dair biliklərin öyrədilməsi və qeyd olunan xidmət sahələri üzrə mütəxəssislərin hazırlanmasıdır.
Layihə çərçivəsində mərkəzin “Mətbəx bölməsi” və “Qidalanma üzrə xidmət” şöbəsinin nümayəndələri tərəfindən tədris olunacaq kurslara başlamazdan əvvəl şagirdlər mərkəzin ümumi fəaliyyəti, mərkəzdə təqdim olunan xidmətlər və s. ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Mövzular üzrə 20 nəfərdən ibarət qruplara üç ay ərzində, həftədə 2 dəfə olmaqla, 3 saatlıq master-klass dərsləri təşkil olunacaq. Dərs proqramı çərçivəsində qonaqların qarşılanması, yeməklərin hazırlanması, təhlükəsizlik tədbirləri və s. kimi məsələlər, ümumilikdə, xidmət sahəsinin incəlikləri öyrədiləcək.
Qusar Peşə Liseyində təşkil olunacaq dərslər bitdikdən sonra “Şahdağ” Turizm Mərkəzində hər mövzu üzrə praktik təlim keçiriləcək.