MƏDƏNİYYƏT
“Şahdağ” Turizm Mərkəzində yay mövsümü başa çatıb
Bakı, 28 sentyabr, AZƏRTAC
“Şahdağ” Turizm Mərkəzi sentyabrın 27-dən etibarən yay mövsümünü bağlı elan edib.
Mərkəzdən AZƏRTAC-dan bildirilib ki, sayca dördüncü olan bu yay mövsümü ərzində mərkəzə üz tutan turistlərin sayı 30 mindən çox olub. Onların 50 faizdən çoxunu xarici ölkələrdən olan turistlər, xarici turistlərin 80 faizdən çoxunu isə ərəb ölkələrindən gələn turistlər təşkil edib.
Ümumilikdə əcnəbi qonaqların, xüsusilə BƏƏ, Səudiyyə Ərəbistanı, İraq, Qətər, Oman, Küveyt, Bəhreyn kimi ölkələrdən olan qonaqların əvvəlki mövsümlərə nisbətən çoxluq təşkil etdiyi bu mövsüm bir-birindən maraqlı tədbirləri və əyləncələri ilə yadda qalıb, mərkəzdə göstərilən xidmətlərin say və keyfiyyətinin yaxşılaşdırılması istiqamətində işlər görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin tək xizək kurortu kimi deyil, eləcə də yay istirahət mərkəzi kimi tanıdılması məqsədilə bu mövsüm ərzində xarici turizm şirkətləri üçün info-turlar, eləcə də xarici ölkələrin mətbuat nümayəndələri üçün press-turlar təşkil olunub.
Qeyd edək ki, mövsümlərarası dövrdə mərkəzdəki beş ulduzlu “Şahdağ Hotel və Spa” ilə yanaşı, regionun ən böyük SPA mərkəzi xüsusi sağlamlıq və bərpaedici detoks proqramı ilə qonaqların ixtiyarında olacaq. Artıq hazırlıqlarına start verilmiş qış mövsümünün açılışı isə ənənəvi olaraq dekabr ayının əvvəllərində baş tutacaq.