REGİONLAR
“Şahdağ” futbol klubu mükafatçılar sırasında yer almağa iddialıdır VİDEO
Qusar, 31 avqust, Elxan Yusifli, AZƏRTAC
Futbol üzrə Azərbaycanın I divizionunda mübarizə aparacaq Qusarın “Şahdağ” klubu yeni mövsümdə yüksək yerlərə iddialıdır.
AZƏRTAC xəbər verir ki, heyətini gənc yerli futbolçularla və legionerlərlə gücləndirən klub çempionata hazırlıqları davam etdirir. Qusar təmsilçisi yeni mövsümün açılış matçını sentyabrın 7-si Zaqatala şəhərində eyniadlı kluba qarşı keçirəcək.
Məşqlərini Şövkət Orduxanov adına Qusar şəhər stadionunda davam etdirən klub heyətinə 25-dən çox futbolçu cəlb edib. Onların arasında Nigeriya, Rusiya və İrandan olan legionerlər də var.
Komandanın baş məşqçisi Adil Mahmudov AZƏRTAC-a müsahibəsində bildirib ki, “Şahdağ” bu mövsümdə mükafatçılar sırasında yer almağa çalışacaq.
Çempionata hazırlıq çərçivəsində üç hazırlıq matçına çıxan Qusar təmsilçiləri iki oyunda heç-heçə edib, birində isə məğlubiyyətlə barışıb. Komanda öz meydanında ilk matçını sentyabrın 16-da “Şəmkir” klubu ilə keçirəcək.
Yeni mövsüm ərəfəsində “Şahdağ” klubunun idarə heyətində də dəyişiklik edilib. Buna qədər mətbuat katibi kimi fəaliyyət göstərən Rüstəm Əzimov klubun vitse-prezidenti seçilib.
Xatırladaq ki, “Şahdağ” ötən mövsümü 7-ci pillədə başa vurub.