MƏDƏNİYYƏT
“Şahdağ” yay düşərgəsinin açılışı olub
Bakı, 12 iyun, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin təqdim etdiyi “Şahdağ” yay düşərgəsinin açılışı olub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, açılış mərasimi “ASAN könüllüləri”, “ASAN Məktub” və “Paşa Sığorta” şirkətinin təşkilati dəstəyi ilə reallaşıb. “Şahdağ” Turizm Mərkəzində gerçəkləşən “Açıq qapılar” günü çərçivəsində uşaqlar arasında şahmat və rəsm yarışları təşkil edilib.
Müvafiq olaraq birinci yerin sahibinə yay düşərgəsinin ilk həftəsi üçün 50 faiz, ikinci yerin sahibinə 30 faiz, üçüncü yerin sahibinə isə 20 faiz endirim kuponu təqdim olunub.
“Açıq qapılar” günündə iştirak edən valideynlər düşərgədə təşkil edilən şərait və xidmətlərlə əyani surətdə tanış olmaqla yanaşı, müxtəlif oyun və əyləncələr, ingilis dili mühitinə tam daxil olmağa imkan verən dərs proqramları haqqında ətraflı məlumat ala biliblər. Tədbir simvolik olaraq uşaqlar tərəfindən ağac əkilmə mərasimi ilə yekunlaşıb.
Bundan əlavə, iyunun 18-dən sentyabrın 10-dək 9-14 yaşlı uşaqlar arasında mərkəzdə Beynəlxalq Eko “Şahdağ” yay düşərgəsi baş tutacaq ki, bu da uşaqlara öyrətmə, inkişaf və istirahətin mükəmməl balansını təklif etməklə Azərbaycanda ilk dəfə olaraq təşkil ediləcək.