İQTİSADİYYAT


“Şahdəniz-2” platformalarının birinci dayaq bloku dənizdə 40 günə quraşdırılacaq

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

“Şahdəniz-2” platformalarının birinci dayaq blokunun daşınması, suya endirilməsi, yerləşdirilməsi və payaların üzərinə quraşdırılması işləri dəqiqliklə planlaşdırılıb və bu işlərin təxminən 40 gün ərzində tamamlanacağı gözlənilir. Dayaq bloku dənizin 94 metr dərinliyində quraşdırılacaq.

“BP Azerbaijan”dan AZƏRTAC-a bildirilib ki, sentyabrın 1-də Heydər Əliyev adına Bakı dərin özüllər zavodundan (BDÖZ) dənizdə quraşdırılmaq üçün yola salınan “Şahdəniz 2” üçün tikilən iki platformadan - hasilat və dikborular (HDB) platformasının dayaq blokunun tikintisi qrafikə uyğun tamamlanıb. Dayaq bloku “Şahdəniz” kontrakt sahəsinə yola salınmaq üçün bu il iyulun 29-da uğurla BDÖZ-dəki yanalma körpüsündə STB-1 barjına yüklənib.

“BOS Shelf”, “Star Gulf” və “Saipem” konsorsiumu tərəfindən inşa edilən dayaq bloku BDÖZ sahəsində yerli tikinti infrastrukturundan və obyektlərindən istifadə edilməklə bütövlüklə ölkə daxilində tikilib. Bu dayaq blokunun tikinti işlərinə subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla 4 min 700 nəfərdən çox insan cəlb edilib, işçi qüvvəsinin təxminən 90 faizi Azərbaycan vətəndaşları olub.

Hasilat və dikborular dayaq blokunun çəkisi 13 min 150 ton, hündürlüyü isə 105 metr təşkil edir. Dayaq bloku 12 hasilat dikborusundan, 3 ixrac dikborusundan və monoetilen qlikol (MEQ) üçün xüsusi ayrılmış bir idxal dikborusundan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.