İQTİSADİYYAT
“Şahdəniz-2” üçün tikilən ikinci dayaq bloku ilin birinci yarısında dənizdə quraşdırılmaq üçün yola salınacaq
Bakı, 20 fevral, Nihad Budaqov, AZƏRTAC
“Şahdəniz-2” üçün tikilən ikinci dayaq bloku bu ilin birinci yarısında dənizdə quraşdırılmaq üçün yola salınacaq.
Bu barədə AZƏRTAC-a BP-nin Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
“Şahdəniz-2” üçün tikilən ikinci dayaq blokunun inşası artıq yekunlaşıb. Hazırda blok üzrə bəzi sınaqlar keçirilir və son tamamlama işləri görülür. Ümumilikdə, “Şahdəniz-2” üçün tikilən iki platformanın bütün dayaq blokları və üst modullarının bu ilin sonuna kimi dənizdə quraşdırılması nəzərdə tutulur”, - deyə Tamam Bayatlı əlavə edib.
Xatırladaq ki, “Şahdəniz-2” üçün tikilən iki platformadan - hasilat və dikborular platformasının dayaq bloku ötən il sentyabrın 1-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı dərin özüllər zavodundan (BDÖZ) dənizdə quraşdırılmaq üçün yola salınmışdı. “BOS Shelf”, “Star Gulf” və “Saipem” konsorsiumu tərəfindən inşa edilən dayaq blokunun çəkisi 13 min 150 ton, hündürlüyü isə 105 metrdir. Dayaq bloku 12 hasilat dikborusundan, 3 ixrac dikborusundan və monoetilen qlikol (MEQ) üçün xüsusi ayrılmış bir idxal dikborusundan ibarətdir. Dayaq bloku dənizin 94 metr dərinliyində quraşdırılıb.
Qeyd edək ki, ilk dəfə olaraq “Şahdəniz-2” platformalarının tikintisinin 100 faizi ölkə daxilində həyata keçirilir. Tikinti işləri beynəlxalq standartlara uyğun şəkildə tam modernləşdirilmiş dünya səviyyəli istehsalat obyektləri olan Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda və “Amec-Tekfen-Azfen” tikinti-quraşdırma sahəsində həyata keçirilib.
“Şahdəniz-2”yə bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platformasının, iki yarımdalma qazma qurğusundan qazılan 26 sualtı quyunun, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda sualtı boru kəmərlərinin inşası və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir.
Layihə çərçivəsində ildə 6 milyard kubmetr qaz Türkiyəyə, qalan həcm, yəni ildə 10 milyard kubmetr Avropadakı alıcılara çatdırılacaq. Yataqdan gündəlik 120 min barrelədək kondensat hasil edilməsi nəzərdə tutulur.